Taekvondoçularımız ili uğurla başa vurmaq üçün Ər-Riyada yollanır

06.12.2022

Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi start götürəcək. Bu seriyada ilin yekun yarışında Azərbaycan millisi də təmsil olunacaq.
173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev ili qələbə ilə başa vurmaq üçün Ər-Riyada yollanacaq. 68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq. O, yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında qüvvəsini sınayacaq.
Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.
Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.