09.08.2022
Taekvondo üzrə Azərbaycan millisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarda mübarizəyə başlayıb. Yarışın ilk günü komandamız üçün uğurlu alınıb.
Millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub. 58 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda BƏƏ idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.
Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan Qaşım məğlub olaraq, bürünc medalla kifayətlənib. Bu, komandamızın aktivinə yazılan ilk mükafat olub.
Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) 1/4, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, İslamiadada taekvondo yarışları 4 gün keçiriləcək və avqustun 12-də başa çatacaq.