04.10.2022
Tiranada başa çatan 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal, həmçinin açıq Albaniya çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.
Yığmamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Taekvondo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və taekvondosevərlər qarşılayıblar. Onlar mükafatçılarımız üçün müxtəlif xoş şüarlar səsləndiriblər.
Qeyd edək ki, taekvondoçularımızdan Avropa çempionatında Səyyad Dadaşov (54 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş və Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib. Açıq Albaniya çempionatında isə Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq), Patimat Abakarova (49 kq) birinci, Minayə Əkbərova (46 kq) ikinci, Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə üçüncü yeri tutublar.