Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub. Döyüşlərin yekununa əsasən yarışda daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar.
Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.


