30.12.2022 Taekvondoçularımız beynəlxalq yarışlarda 101 medal qazanıb

Başa çatmaqda olan 2022-ci il Azərbaycan taekvondoçuları və parataekvondoçuları uğurlu alınıb. 22 beynəlxalq yarışda iştirak edən milli komandalar 101 medal qazanıb. Təmsilçilərimiz 27 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdıqları halda, 25 gümüş və 49 bürünc mükafata seviniblər.
Böyüklərdən ibarət yığmamızdan 37 medal
Kişi taekvondoçularımız il ərzində çıxış etdikləri bütün yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar. Dünya və Avropa çempionatında bürünc medal qazanan milli ümumilikdə 23 medala sahib olub. Komandanın hesabında beynəlxalq turnirdə 19 (6-4-9), İslamiadada 2 (0-1-1) mükafat var.
Qadınlardan ibarət yığma 14 medala sahib olub. Komanda İslamiadada 3 (1-1-1), beynəlxalq turnirlərdə 11 (2-2-7) dəfə fərqlənib. Böyüklərdən ibarət millilərin ümumi medal sayı 37-dir.
Həmçinin, U-21-lə Avropa çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc mükafat əldə edilib. Milli komanda 5 ildən sonra analoji yarışda yenidən medal qazanıb, idmançımızın fəxri kürsünün ən yüksək pilləsinə qalxması isə 9 ildən sonra təkrarlanıb.
Sabaha ümidlə baxırıq
İlə ən böyük damğasını vuran isə yeniyetmə taekvondoçularımızdır. Millimizin sabahı hesab olunan yığma dünya birinciliyində 4, Avropa birinciliyində 8 medala sahib olaraq yeni tarix yazıb. Azərbaycan 77 ölkədən 670-dən çox idmançının qatıldığı mundialda ilk qızıl mükafatına sahib olub və medal sayında ən yaxşı göstəricisinə imza atıb. Qitə çempionatında isə son 15 ilin rekordu qeydə alınıb. Komanda beynəlxalq turnirləri də nəzərə alsaq, 2022-ci ili 26 (11-5-10) medalla bitirib. Bu da növbəti illərə daha nikbin baxmağa əsas verir.
Klublararası və kadetlərin Avropa birinciliklərindəki uğurunu da bu yığmaya əlavə etsək, mükafat sayı 37-yə yüksələcək. Kiçikyaşlı taekvondoçularımız 2 yarışda 4 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələniblər. Klublararası Avropa çempionatında 1 veteran idmançımız da 2-ci yeri tutub.
Gənclərdən ibarət komandamız da qatıldığı yarışlarda adlarından söz etdiriblər. Bu Olimpiya çəkiləri üzrə Avropa çempionatlarında 1 (0-0-1), beynəlxalq turnirdə 7 (0-1-6) mükafata sevinib.
Paratekvondoçularımızdan uğurlu çıxış
Taekvondoçularımızla yanaşı, parataekvondoçularımız da ili uğurla bitiriblər. Onlar 2022-ci ildə 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandanın hesabında 6 gümüş və 7 bürünc medal da var. Bu mükafatlar Avropa çempionatı, Qran-pri turnirləri və beynəlxalq turnirlərdə əldə olunub. Onlar medal qazanmaqla yanaşı, Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalları da toplayıblar.
Yeni klubun açılışı oldu
İdmançılarla yanaşı, hakimlərimiz də bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyublar. Onlar iştirak etdikləri yarışlarda fərqlənmə diplomu ilə mükafatlandırılıblar.
Federasiya rəsmiləri müxtəlif bölgələrə səfər edərək, bu idman növünün daha da kütləviləşməsi və populyarlaşması istiqamətində görüşlər, həmçinin seminarlar keçiriblər. Bunlarla yanaşı, maddi-texniki baza da xüsusi diqqət mərkəzindədir. Başa çatmaqda olan ildə "Ümid" taekvondo klubunun açılış mərasimi də keçirilib. Buradakı taekvondo, gimnastika və üzgüçülüklə yanaşı, digər bölmələr də fəaliyyət göstərəcək.
Yeni ilə yeni hədəflərlə
Taekvondo komandamızı gələn il daha mötəbər turnirlər gözləyir. Bunlardan ən vacibi isə Bakının ev sahibliyi edəcəyi dünya çempionatıdır. Artıq Meksikanın Qvadalaxara şəhərində keçirilən mundailda yarışın keçici bayrağı da Azərbaycan nümayəndəsinə təqdim edilib. 2023-cü ilin 29 may - 4 iyun tarixlərində baş tutacaq dünya çempionatı Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Yeni ildə uğurla yanaşı, mundiala da layiqincə ev sahibliyi etmək əsas məqsədimiz olacaq.