Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo yarışlarına start verilib. İlk gün Azərbaycan milli komanda üçün uğurlu alınıb.
Yığmamızın dayanq üzərinə çıxan hər bir üzvü fəxri kürsüyə yüksəlib. Baş məşqçi Məmməd Abdullayev və məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi millidə 54 kq çəkidə mübarizə aparan Səyyad Dadaşov yarışa yarımfinaldan qoşulub. Startda Rusiyanı təmsil edən erməni əsilli Aram Muradyanı 2:0 hesabı ilə məğlub edən Avropa Oyunlarının mükafatçısı finalda Mixail Tomilovdan (Rusoya) da güclü olub. Dadaşov yenə 2:0 hesabı ilə qələbə qazanaraq, qızıl medala yiyələnib.
Vaqif Hacıyev (68 kq) ilk qarşılaşmasında Xuan Lini (Vyetnam) 2:0 hesabı ilə məğlub edib. Taekvondoçumuz 1/4 finalda onun həmyerlisi Duk Daoya da eyni hesabla qalib gəlib. Yarımfinalda idmançımız rusiyalı Daniil Arsentyevlə döyüşü də aktivinə yazıb – 2:0. Finalda Hacıyevin rəqibi İqor Yakovlyev (Rusiya) olub. Döyüşdə rəqib qələbə qazandığından taekvondoçumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Mübarizəyə 1/4 finaldan başlayan Eltac Qafarov (80 kq) ilk qarşılaşmasında nigeriyalı Villiam Ezeanvunu məğlub edib – 2:0. O, ardınca rusiyalı Artyom Melnikova da eyni hesabla qalib gəlib. Qafarov finalda Əmirsina Bəxtiyari (İran) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin xeyrinə bitib və Eltac gümüş medala sahib olub.
Pərviz İsgəndərov (63 kq) 1/4 finalda rusiyalı Kiril Kimi 2:0 hesabı ilə məğlub edib. Teakevondoçumuz yarımfinalda da ev sahibi ilə qarşılaşıb. Finala gedən yolda Sergey Kirsanov 2:0 hesabı ilə qələbə qazandığından İsgəndərov bürünc medala layıq görülüb.
Beləliklə, taekvondoçularımız günü 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Qeyd edək ki, millimiz yarışda 6 taekvondoçu ilə təmsil olunur. Avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalında Adil Eyvazov (58 kq) və Nicat İsmayılzadə (74 kq) də qüvvəsini sınayacaq.