Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirilib. Yarışın baş tutacağı Bakı Kristal Zalında tədbirdə Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, texniki nümayəndə Kim Sonqçul, Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov, yığma komandanın üzvləri Əliəskər Əliyev (80 kq) və Fəridə Əzizova (67 kq) iştirak ediblər.
Çunqvon Çu yenidən Azərbaycanda olmaq məmnunluğunu ifadə edib. O bildirib ki, ölkəmiz taekvondo ailəsi üçün mötəbər yerdir. Azərbaycanın 2006-cı ildən çox mötəbər yarışlara ev sahibliyini xatırladan WT rəhbəri Bakının taekvondoçular üçün doğma şəhərə çevrildiyini deyib: “Dünya çempionatı 50 illik yubileyimizə təsadüf etdiyindən bizim üçün böyük əhəmiyyət daşıyır. Sabah isə Azərbaycanda Müstəqillik Günüdür”.
Ç. Çu Azərbaycanda taekvondonun inkişafı üçün hər bir şəraitin yaradıldığını xüsusi vurğulayıb və ölkəmizdə hər şeyin sürətlə inkişaf etdiyini deyib: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir. Burada olduğum müddətdə cənab Prezident İlham Əliyevlə bir neçə dəfə görüşmüşəm. Fəxrlə deyə bilərəm ki, ölkədə taekvondo inkişafına hərtərəfli dəstək göstərilir”.
WT prezidenti yarışın hazırlığı ilə bağlı Azərbaycan Taekvondo Federasiyasına və Gənclər və İdman Nazirliyinə təşəkkür edib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bakının belə bir mötəbər yarışa ev sahibliyi etməkdən qürur hissi duyduğunu deyib. O qeyd edib ki, Azərbaycan üçün Dünya Taekvondosunun 50 illik yubileyini keçirmək böyük şərəfdir. Yarışın Təşkilat Komitəsinin də böyük işlər gördüyünü bildirən M.Vasileva bunun nəticəsi olaraq yarışın çox maraqlı keçəcəyinə inam ifadə edib.
WT-nin baş katibi də yarışın hazırlığını və məkanını möhtəşəm adlandırıb. O bildirib ki, 2001-ci ildə Niyaməddin Paşayev Azərbaycanda ilk dünya çempionluğunu qazandıqdan sonra ölkədə idmanın bu növünün inkişafına öz töhfəsini verib.
ATF-in vitse-prezidenti ölkəmizdə idmana və taekvondoya göstərilən dəstəyə görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə təşəkkür edib. Onun sözlərinə görə, dövlət qayğısı olmadan yarışın təşkili mümkün olmazdı. Dünya çempionatının ümummilli lider Heydər Əliyevin 100 və Dünya Taekvondosunun 50 illiyinə təsadüf etdiyini bildirən N.Səfərov 28 may Müstəqillik Günü ilə bağlı da təbriklərini çatdırıb.
WT-nin texniki nümayəndəsi mundialda 70 hakim görüşləri idarə edəcəyini, onlardan 58-nin Paris-2024 Yay Olimpiya Oyunlarında olacağını diqqətə çatdırıb.
Millinin taekvondoçusu Fəridə Əzizova sonadək mübarizə aparacağını deyib. O bildirib ki, dünya çempionatının ölkəmizdə keçirilməsi komanda üçün xoşdur və əsas hədəfi qızıl medal qazanaraq Azərbaycan xalqına sevinc bəxş etməkdir.
Əliəskər Əliyev də dünya çempionatının Bakıda keçirilməsini əlavə motivasiya adlandırıb. O, hər kəsi medallarla sevindirmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Qeyd edək ki, “Öz gücünü alovlandır” şüarı altında təşkil olunacaq dünya çempionatında 145 ölkədən 949 idmançı mübarizə aparacaq. 16 dəst medalın sahibini tapacağı yarışda 150-dən çox ölkədən 2000-ə yaxın qonağım ölkəmizə gələcəyi gözlənilir.