13.05.2023 Dünya Çempionatı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında master klass təşkil olunub.

Master klass zamanı ikiqat Avropa çempionu, əməkdar idman ustası İlkin Şahbazov 100-ə qədər idmançıya taekvondo təlimi keçib. Beş hissədən ibarət tədbirin ilk hissəsində ümumi komanda ilə birgə baza hərəkətləri edilib. II hissədə qızların xəyali döyüş səhnəsi canlandırılıb. Növbəti hissədə uşaq və yeniyetmə taekvondoçuların iştirakı ilə döyüş hərəkətləri ilə bağlı məşqlərə üstünlük verilib. Son iki hissə böyüklərin xəyali səhnəsi olan pumseyə və komandanın döyüşlərinə həsr olunub.

 

Tədbirdə həmçinin Vətən müharibəsində iştirak etmiş taekvondoçulara Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.

 

Xatırladaq ki, 29 may - 4 iyunda Bakıda taekvondo üzrə 26-cı Dünya çempionatı keçiriləcək. Beynəlxalq əhəmiyyətli idman tədbiri, Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edir. Yarışla əlaqədar paytaxtımıza 3 minədək qonağın gəlişi gözlənilir.