Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə 2 çəki dərəcəsində qaliblər bəlli olub.
Qadın taekvondoçular arasında 53 kq-da dünya çempionu tituluna Nahid Kiyaniçande (İran) yiyələnib. Gümüş medala Ju Zio (Çin), bürünc mükafatlara Şad Sami Elhossein (Misir) və Tatyana Minina (Dünya Taekvondosu) sahib olub.
Azərbaycan taekvondoçularından Həmidrza Bədriəliabadi (+87 kq) 1/4, Səmərrux Osmanova (53 kq) 1/16 finalda məğlub olub.
Beləliklə, mayın 29-da start götürən və 145 ölkədən 949 idmançının qatıldığı mundialda 16 dəst medal öz sahibini tapıb. Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən yarışda qızıl medal qazanan idmançılar aktivinə 140 reytinq xalı əlavə ediblər.
Kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib. Azərbaycan millisi isə Dünya Taekvondosu tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib.
Mundialın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib.
Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.